IQNA

“Hacətlər-Qapısı” (Babul-Həvaic) nə deməkdir və kimdir?

20:23 - September 04, 2022
Xəbər sayı: 3492865
“Hacət” ehtiyac, istək və arzu deməkdir. “Hacətlər qapısı” və ya “Babul-Həvaic” də arzu və istəklərin alındığı qapıya deyilir.

“Həmd olsun o Allaha ki, özündən başqasına hacət qapılarını bizim üzümüzə bağladı”.
وَ الْحَمْدُ لِلَّهِ الَّذِي أَغْلَقَ عَنَّا بَابَ‏ الْحَاجَةِ إِلَّا إِلَيْهِ
İmam Zeynül-Abidin Əli ibn Hüseyn əs-Səccad (ə)
“əs-Səhifətus-Səccadiyyə”, 1-cu dua, 19-cu cümlə.

“Hacət” ehtiyac, istək və arzu deməkdir. “Hacətlər qapısı” və ya “Babul-Həvaic” də arzu və istəklərin alındığı qapıya deyilir.

Yuxarıda qeyd etdiyimiz duada İmam Səccad (ə) Allaha həmd və səna edir ki, onları (Əhli-Beyt) özündən başqa heç kimə möhtac və ehtiyaclı etməmişdir və dünya əhlindən kiməsə öz şəxsi maddi işlərindən ötrü ehtiyac əli açmayıblar. Əlbəttə ki, bu məqam Əhli-Beytə (ə) məxsus bir məqamdır.

Qurani-Kərim, hədis və duaların mətnlərində hansısa şəxsin barəsində, hətta Allahın barəsində belə “Babul-Həvaic”, yəni “hacətlər qapısı” adlı bir termin işlənməyib. Əlbəttə hədis və dua mətnlərində Allah-Taala barəsində “Qazil-Hacət”, yəni “hacətləri rəva edən və verən” ifadəsi işlənmişdir və həmçinin də saleh insanlar və imamlar (ə) barəsində bu termin birbaşa işlənməsə də ayə, hədis və duaların məzmunundan bu məqamı onlar üçün isbat etmək olur.

Belə isə bu termin haradan və necə ortaya çıxıb?

Bu kiçik yazıda bütün elmi qaynaqları və qaynaqlardan qeydə aldığımız məlumatları dərc etmək imkanı olmadığı üçün əldə etdiyimiz nəticəni ümumi olaraq yazırıq:

Şiə və sünni mənbələrinə nəzər saldıqda görürük ki, bir çox Allah dostları, övliyalar və saleh insanlar cəmiyyətdə “hacətlər qapısı” kimi tanınıblar. Yəni müsəlmanlar onları öz istəkləri üçün vasitə qərar verib, onlara təvəssül ediblər və Allahdan onların vasitəsi ilə hacət və istəklərini alıblar.

Bu məsələ, yəni təvəssül etməklə hacət və istəklərin əldə edilməsi, həm həmin övliyalar və saleh insanlar həyatda ikən baş verib və həm də onların vəfatından sonra məzarlarının yanında dua edilərkən baş verib.
Bunun mənası heç də bəzilərinin düşündüyü kimi “şirk” deyil. Bu barədə Quran və hədislərdə kifayət qədər dəlillər var, maraqlananlar “təvəssül” mövzusunu araşdıra bilərlər.

Baxmayaraq ki, bütün övliya və saleh insanlar Allahdan istəmək üçün qapıdırlar, vasitədirlər, amma şiə cəmiyyətində aşağıdakı 5 nəfər “Babul-Həvaic” ləqəbi ilə tanınıblar:

1). Müslim ibn Əqil (ə)
2). Ümmül-Bənin (s) – Həzrət Əbulfəzl Abbasın (ə) anası.
3). Həzrət Əbulfəzl Abbas (ə) – (Məhəmmədəli Ordubadi – vf. 1380 hq, “Həzrət Abbasın həyatı”).
4). Həzrət Əliyyi Əsğər (ə).
5). İmam Musa Kazim (ə). – (İbn Şəhraşub – vf. 588 hq, “Mənaqibu Ali Əbi Talib (ə)” / İbn Həcər Heytəmi – vf. 974 hq, “Səvaiqul-Muhriqə” / Şəblənci, “Nurul-Əbsar”).

P.S: Saleh insanları və övliyaları “hacət qapısı” qərar vermək Allaha şirk qoşmaq deyil. Hacətləri rəva edən və verən Allah-Taalanın özüdür. Bizim günahlarımızın çoxluğu ucbatından dualarımız gec qəbul olur və ya heç olmur və buna görə də biz pak insanların ruhlarına təvəssül edirik, övliyalar və saleh insanlar ehtiyaclarımızı bizim üçün Allahdan istəyirlər və biz Allah yanında onları öz istəklərimiz üçün “şəfi” (şəfaətçi) gətiririk.

3840783

captcha