IQNA

Quran surələri / 89

Allahın insanlar üçün imtahanlarının səbəbini izah etmək

10:37 - June 30, 2023
Xəbər sayı: 3494395
TEHRAN (IQNA) – İnsanlar həyatda sevinc və xoşbəxtlikdən tutmuş baş verən hadisələrə qədər bir çox problemlərlə üzləşirlər. Bunlar Allahın insanların yoluna qoyduğu imtahanlardır və heç biri səbəbsiz deyil.

Qurani-Kərimin səksən doqquzuncu surəsi “Fəcr” adlanır. 30 ayədən ibarət bu surə Quranın otuzuncu cüzündə yer alıb. Məkkə surəsi olan bu surə İslam Peyğəmbərinə (s) nazil olan onuncu surədir.

Bu surənin birinci ayəsində Allah fəcrə (gecənin qaranlığında nurun partlamasına) and içmişdir; Ona görə də bu surə “Fəcr” adlanır.

“Fəcr” surəsi İmam Hüseyn (ə) surəsi kimi tanınıb. Çünki İmam Sadiqin (ə) bir hədisinə əsasən, iyirmi yeddinci ayəsində “nəfsi-mütməinnə”dən məqsəd İmam Hüseyndir. Həmçinin bəzi təfsirlərə görə, “Fəcr” surəsinin ikinci ayəsindəki “Ləyalin əşr” (on gecə) Məhərrəm ayının ilk on gecəsinə aiddir.

“Fəcr” surəsi Ad qövmünün, həmçinin “İrəmə zatil-İməd” (sütunlu cənnət bağı) və Səmud qövmünün, Firon qövmünün və onların fitnə-fəsad və üsyanlarının tarixinə işarə edir. Habelə bizə xatırladır ki, insan indi Allahın imtahanlarından keçməkdədir. Nemət və ya çətinliklərlə imtahana çəkilir. Daha sonra kafirlərin bu imtahanda uğursuzluqlarının səbəblərini açıqlayır. Qiyamət gününün gələcəyinə işarə edir ki, həmin gündə iman gətirməyənlər cəhənnəmin təsirlərini müşahidə edərək nəsihət alarlar; Ancaq bu nəsihət faydasızdır.

Bu surədə Allaha itaətsizlik və etinasızlığa səbəb olan dünyaya bağlılıq qınanaraq dünya əhlini dünyada və axirətdə ən şiddətli əzabla hədələyir. Həmçinin göstərilir ki, insan zənn edir ki, əgər Allah ona görə nemət verirsə, Allah yanında əziz və hörmətlidir. Habelə elə bilir ki, yoxsulluqdan əziyyət çəkən Allah yanında dəyərsizdir. Birinci qrup, sahib olduqları yanlış təsəvvürə görə çoxlu səhv işlərə əl atırlar. Yanlış təsəvvürlərə görə də öz səhvlərini görmürlər və ya dəyərsiz hesab edirlər. İkinci qrup öz yanlış təsəvvürlərinə görə kafir olur. Digər tərəfdən, kiminsə qüdrəti və ya var-dövləti varsa, yaxud kimsə yoxsullaşıbsa, bu, ilahi imtahandandır ki, imtahandan keçdikdən sonra onun axirətdəki halı müəyyənləşsin.

Deməli, Allahın nemətləri və ya bu dünyada insanın başına gələn sıxıntı və problemlər ilahi imtahanlardır. Ondan istifadə etməklə insan öldükdən sonra dünyasını və qiyamətini ən gözəl şəkildə düzəldə bilər. Lakin Allahın imtahanlarına məhəl qoymamaq onun üçün qiyamət gününə qədər axirət əzabından başqa bir şey qalmaz.

Deməli, dünyadakı bütün insanlar arasında “nəfsi-mütməinnəyə” sahib olan səadətinə çatar.  Həmçinin bəla və sıxıntıda qəlbi Rəbbi ilə aram olar.

captcha